2011-11-16 İran müxalifət liderlərimizdən birini öldürmək istəyib
Federal Təhqiqatlar Bürosu Tehranın Azərbaycanda gələn il həyata keçirməyə hazırlaşdığı iki terror aktını və bir siyasi qətli açıb; hakimiyyəti devirmək planına rəhbərlik edənlərdən birinin adı məlumdur; ölüm siyahısında Əhməd Davudoğlunun da adı var
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) İranın Azərbaycan prezidenti İlham Əliyevi devirməyə yönələn təhlükəli planlarının üstünü açıb. Bu barədə ABŞ-ın “Fox 11" on-layn telekanalı FTB-nin məlumatlarına istinadən xəbər yayıb. Xatırladaq ki, İranın Azərbaycan da daxil olmaqla bir neçə ölkədə siyasi qətllər planlaşdırdığı və FTB-nin bu planların üstünü açdığı barədə telekanal ötən həftəsonu anons vermişdi. Telekanal bu sensasion planının detallarını noyabrın 14-də Bakı vaxtı ilə gecə saatlarında yayıb. Vesti.az xəbər verir ki, İran xüsusi xidmət orqanları və bu ölkənin dini rəhbərliyinə yaxın çevrələr Azərbaycanda 2012-ci ildə iki səs-küylü terror aktı və bir siyasi qətl həyata keçirməyə hazırlaşıb. “Plana görə, bir-birinin ardınca törədilməli olan bu hadisələr ölkədə ajiotaj, panika yaranmasına, əhali arasında etirazların baş qaldırmasına xidmət etməli idi” - deyə, telekanal bildirib.
FTB-nin İranın İnqilab Keşikçiləri Korpusunun agentlərinin planlarını necə ifşa etməsinə həsr edilmiş proqramda deyilir ki, Tehran bu planları həyata keçirmək üçün meksikalı narkotik tacirləri ilə işbirliyinə gedib. Lakin planların üsü FTB tərəfindən açılıb. FTB müəyyən edib ki, İranın Azərbaycanda həyata keçirməyə hazırlaşdığı terror aktları və siyasi qətl ölkədə kütləvi iğtişaşlara təkan verməli, narazılığı artırmalı idi.
“Nəticədə ölkədə sabitlik pozulmalı idi. Əgər iranlı agentlərin planı reallaşsa, bu halda dövlət başçısı nüfuzunu itirməli və istefa verməli idi” deyə, proqramda bildirilir. “Fox 11" qeyd edir ki, Azərbaycandakı siyasi qətli İran ayətullahlarına yaxın çevrələr təşkil edib.
Lakin bu qətlin qurbanı olaraq kimin seçildiyi göstərilmir. Bununla belə, planda həmin siyasi qətlin ölkədə kütləvi etirazlara, iğtişaşlara hesablandığı nəzərə alınarsa, təxmin etmək olar ki, İranın öldürməyə hazırlaşdığı siyasi fiqur məhz müxalifət liderlərindən biri olub. “Fox 11" qeyd edir ki, İran hakimiyyətinin təmsilçiləri İsrailin Azərbaycanın vasitəsilə Tehrana qarşı intensiv şəkildə kəşfiyyat informasiyaları topladıqlarına inanırlar. ”Sirr deyil ki, plana görə, Azərbaycanda törədiləcək terror aktlarından sonra İrandan azərbaycanlı “qardaşları” mövcud hakimiyyəti devirməyə çağırmaq nəzərdə tutulurdu" deyə, telekanal qeyd edir.
(Yada salaq ki, son vaxtlar İran hakimiyyətinin təmsilçiləri və ayətullahları açıq şəkildə Azərbaycanda hakimiyyəti devirməyə yönələn çağırışlar edir, ölkə rəhbərliyini hədələyirlər).
Bildirilir ki, Azərbaycanda xaos yaradılmasına və hakimiyyət çevrilişi planında yer alanlardan biri “Hizbullah”ın Təbriz bölməsinin rəhbəri Höccətülislam Ruhulla Becanidir. Məlumata görə, planın həyata keçirilməsi Təbrizdəki Azərbaycan konsulluğunun binası qarşısında etiraz aksiyaları ilə başlamalı idi. Qeyd edək ki, “Hizbullah”ın İran qolu olan “Hizbullah Ənsari” təşkilatı noyabrın 1-də xəbərdarlıq yayaraq bildirmişdi ki, noyabrın 4-də, ABŞ-ın Tehrandakı səfirliyinin tutulmasının ildönümündə Azərbaycanın Təbrizdəki konsulluğunun binası qarşısında aksiya keçirərək binanı tutacaqlar. Xəbərdarlığı yayan da məhz təşkilatın Təbriz nümayəndəliyinin baş katibi olan Höccətülislam Ruhulla Becani idi.
R.Becani demişdi ki, Təbriz gəncləri sionizmin istiqaməti ilə icra olunan Azərbaycanın anti-islami siyasətinə etiraz olaraq bu respublikanın Təbrizdəki baş konsulluğunun fəaliyyətini dayandıracaq, işçilərini binadan çıxaracaqlar: “Alim və böyük şəxsiyyətlər indiyə qədər bu işi qadağan etmişdilər və ümid edirdilər ki, Azərbaycan Respublikası rəsmiləri bu anti-islami hərəkətlərdən əl çəkəcək, bu addımlarından çəkinəcəklər”.
Lakin noyabrın 3-də “Hizbullah Ənsarı”nın Şərqi Azərbaycan şöbəsinin saytında bu cür təkzib yerləşdirilib: “Möhtərəm Hizbullahi bacı və qardaşlarımıza çatdırırıq ki, şaban ayının 13-ü (noyabrın 4-ü) Azərbaycanın baş konsulluğunun önündə nümayiş keçiriləcəyi barədə şayiələr yayılıb. Bu təşkilat belə bir aksiya keçirtməyəcək və ”Hizbullah" bu barədə yayılan şayiəni təkzib edir".
Bununla belə, molla Ruhulla Becaninin Azərbaycan əleyhinə çıxışları təşkilatın saytında qalırdı. O, çıxışlarında Azərbaycan rəhbərlərinə qarşı kəskin ifadələr işlədir, xalqı din adına üsyana çağırır, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun və partiyanın başqa üzvlərinin həbsini pisləyir. Beləliklə, istisna deyil ki, konsulluğun tutulması planı məhz Amerika xəfiyyələrinin İranın Azərbaycanla bağlı planlarının üstünü açdığı bilindiyi üçün təxirə düşüb.
FTB onu da müəyyən edib ki, İranın siyasi qətllər törətməyə hazırlaşdığı ölkələr arasında Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və İraq da olub. Belə ki, Türkiyədə gələn ilin martında xarici işlər naziri Əhməd Davudoğlunun öldürülməsi planlaşdırılıbmış.
İran dini liderinin təmsilçisi bu məlumatları təkzib edərək onları ABŞ-ın “uydurması”, Tehranın qonşularla münasibətlərini korlamaq cəhdi adlandırıb. “Fox 11" kanalı proqramın ikinci hissəsini sabah gecə efirə verəcək. Bu hissədə İranın Türkiyə ilə bağlı planlarından bəhs olunacaq. Siyasət şöbəsi
|
هیچ نظری موجود نیست:
ارسال یک نظر