۱۳۹۰ آبان ۱۰, سه‌شنبه

İran zindanlarında azərbaycanlı məhbuslara verilən işgəncələr - MÜDHİŞ FAKTLAR

اورمو ایشچیلری :

“Məni 18 saat ayaq üstə saxladılar. Günlərlə yatmağa qoymadılar. İran rejimi üçün qadın-kişi fərq etməz. Fəridə adlı bir siyasi məhbus da var idi. Ona da ağır işgəncələr verilmişdi. Ümumi zindanda milli fəalları canilərlə, ağır narkomanlarla bir yerdə saxlayırlar. Siyasi məhbusların həyatı hər an təhlükədə olur. Zindanda bizə insanlığa sığmayan işgəncələr verir, sonra da islamın əmridir deyib, oruc tutmağa məcbur edirdilər. Günlərlə yemək vermirdilər. Siyasi məhbuslar edam intizarında qalırdılar. Zindanda məhbusun pulu olmasa, acından ölər”. Bunu APA-ya açıqlamasında İran həbsxanasında dustaqlıq yaşamış, 1979-cu ildə Arazbar (Xudafərin) bölgəsinin Sarıcalı kəndində doğulan, 2009-cu ildən Türkiyədə siyasi mühacir həyatı yaşayan Elçin Hatəmi deyib.

E. Hatəmi bildirib ki, o, Tehran Universitetində magistr təhsili alıb: “İxtisasca mühəndisəm. Mən və başqa milli fəallar İranda azərbaycanlıların haqlarını qazanmaları uçun sivil və sağlam formada mübarizə aparırdıq. Məsələn, Təbriz və Tehran şəhərlərində elmi konfranslar keçirir, Babək qalasına yürüşlər təşkil edir, millətimizi bu mübarizədə daha fəal olmağa çağırırdıq. Tam mədəni şəkildə, beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərsək də, ayrı-ayrı illərdə 4 dəfə həbs edildim. Sonuncu dəfə 2008-ci ildə tutuldum. “Ettelaat”ın Təbriz şöbəsində, Tehrandakı “Evin” zindanında, Təbrizin şəhər və ümumi zindanlarında olmuşam. Pantürkizm, İran rejimi əleyhinə təbliğat aparmaq, xarici ölkələrin maraqları naminə fəaliyyət göstərmək, dövlət çevrilişi üçün təşkilatlanmaqda ittiham olunurdum”.

E. Hatəmi deyib ki, həbsxanada hər cür işgəncə üsulunun şahidi olub: “Ağla gələn bütün işgəncələri siyasi məhbuslara tətbiq edirlər: siqaretlə dağlamaq, əl-ayağı sındırmaq, dırnaq çəkmək, ölümlə təhdid etmək, bədəninə və başına elektrik cərəyanı vermək, huşu itirənə qədər şallaqla döymək və s. Bu əziyyətlərlə sağlam insan ağlını itirə bilər. “Ettelaat”da olanda işgəncə verilən dostlarımızın fəryadını, çığırtılarını eşidirdik. Elektrik verdikləri dostlarımdan biri infarkt keçirdi. Sonra da qışda başına buzlu su tökərək 20 gün oyaq saxladılar. Başqa bir dostumu o qədər döydülər ki, dişləri və qabırğaları sınmışdı”.

E. Hatəmi bildirib ki, onları QİÇS, hepatit və başqa infeksion xəstəlikli məhbuslarla birgə saxlayıblar: “Məqsəd oldu ki, bu yolla həm infeksiyaya yoluxdursunlar, digər tərəfdən də dünyaya car çəksinlər ki, bizdə siyasi məhbus yoxdur. Zindanlarda QİÇS, hepatit xəstəliyi, narkotik alveri baş alıb gedir. Məhbusların az qala 70 faizini narkotikaya aludə ediblər. Bəzi siyasiləri zindandan çıxandan sonra müxtəlif yollarla - avtomobil qəzası və s. üsullarla öldürürlər. 2006-cı ilim may hadisələrində soydaşlarımız dinc yolla mitinqlər keçirirdilər. Yüzdən çox insanı elə mitinqlərdə güllələdilər”.

1965-ci ildə Muğanda anadan olmuş, hazırda Azərbaycan Respublikasında yaşayan siyasi mühacir Babək Muğanlı isə APA-ya deyib ki, yazdığı şeirlərə görə, onu dəfələrlə həbs ediblər: “Ərdəbil, Təbriz, Muğan (Parsabad) zindanlarında 3 il qaldım. 6 ay ailəm məndən xəbər ala bilmədi. Burnunu divara söykəməklə lüt saxlamaq, təcavüz etmək, tavandan başı üstə saatlarla asılı saxlamaq zindanda məhbuslara verilən işgəncələrin bir qismidir. 1979-cu il inqilabının ilk illərində ayətullah Xomeyninin verdiyi fətvaya görə, məhbusları danışdırmaq üçün ölənə qədər işgəncə etmək olar, işgəncəylə məhbusu öldürən məmur axirətdə sorğu-sual olunmayacaq”.

B. Muğanlı məruz qaldığı işgəncələrdən də danışıb: “Zindanda işgəncə üçün otaqlar var. Muğan zindanında əlimi, qolumu stola bağlayıb huşumu itirənə qədər şallaq vurdular. Şallaq avtomobil təkərinin materialında olan möhkəm və yoğun kabellərdir. Bir şallaq dəyən yerə ikinci dəfə vuranda ət partlayır. Ona görə də şallaqdan çıxan adamın bədəni yara olur. Sonra yaralarıma daha çox əziyyət vermək üçün vannaya duzlu su töküb məni vannaya saldılar. Duz qanlı yaraları daha da göynədir. Kameraya apararkən isə üstümə buzlu su tökdülər. Qış olduğu halda elə sulu paltarla da gətirib kameranın beton döşəməsinə atdılar. Bu işgəncə dəfələrlə təkrar olunurdu. Tək mənə yox, zindandakı bütün məhbuslara belə əziyyətlər verirdilər”.

O bildirib ki, 1981-ci ildə zindanda onu qolu və iki qabırğası sınana qədər döyüblər: “Heç bir tibbi yardım göstərmədilər. Qabırğalarım öz-özünə bitişdi. Başqa bir işgəncə üsulu isə unitazı aşağıdan bağlayıb, sidik və nəcislə dolandan sonra məhbusun başını unitaza salıb, nəcisi yedirtməkdir. Aylarla hamam görmürdük, elə olurdu ki, 24 saat tualetə getməyə qoymurdular”.

B. Muğanlı məhbusların üzləşdiyi digər işgəncələrdən də söz açıb: “Gecə saat 4-5-də məhbusu oyadıb yalandan məhkəmə qururdular. Amma məhbus bunun gerçək olmadığını bilmirdi. Sonra da edam hökmü çıxarıb güllələmək üçün aparırdılar. Nişan alıb məhbusun başının üstündən atəş açırdılar. Sonra da zarafat etdik deyib, təkrar kameraya aparırdılar. Öldürməsələr də, həmin məhbusun nələr çəkdiyini təsəvvür etmək olar. İnsana bu cür ruhi işgəncələr də verilirdi. Onlar üçün bu, adi əyləncə idi. Mənim də başıma buna oxşar oyunlar gəlib”.

B. Muğanlı deyib ki, 1982-83-cü illərdə edama məhkum olunanlar da onlarla birlikdə saxlanılıb: “Sonralar onları ayrıca saxladılar. Hər səhər saat 4-5 arası güllə səsləri eşidirdik. Elə gün olmurdu ki, kimisə edam etməsinlər. “Evin” zindanında hər gün 10-15 məhbus edam olunurdu. Hər kəs ölümünü gözləyirdi. Bəzən səhv salıb günahsız adamları da edam edirdilər. Şeyx Sadiq Xalxali fətva vermişdi ki, kimsə səhvən edam olunarsa, yeri behiştlikdir. Yəni narahat olmayın, kimsə yalnışlıqla öldürülərsə, cənnətlik olacaq”.

1986-cı ildə Urmiyada anadan olan, 2011-ci ilin mart ayından Türkiyədə yaşayan siyasi mühacir Nəvid Sultani deyib ki, Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Milli Hökumətin 2007-ci ildə ildönümünə hazırlaşıblar: “Urmiyada dostlarımla birgə bu mərasim üçün elan hazırlamışdıq. Elanda Pişəvəri haqqında məlumat və Milli Hökumətin ildönümü ilə bağlı təbrik yazmışdıq. Elanları əhaliyə paylamamış, axşam saat 21:00-da “Ettelaat”ın məmurları evimi basıb, məni həbs etdilər. Axtarış zamanı 4000 ədəd həmin elandan tapdılar. O gün mənimlə birgə 6 dostumu da tutdular. Bizi “Ettelaat”a apardılar. Çox sorğu-sualdan sonra mənə dedilər: “Niyə o tay - bu tay haqqında danışırsınız? Heç tanımadığınız halda, nə üçün o taya can atırsınız, güvənirsiniz? Əgər sənə Quzey Azərbaycan maraqlıdırsa, öz hesabımıza göndərək, get gəz, dolaş, kef elə. İstəyirsən, səni orada oxutduraq. Amma bu fikirlərindən əl çək.

“Ettelaat”ın Urmiya şöbəsində Vəkili soyadlı bir məmur var. Bizim şəhərdə həbs olunan milli fəallar onu yaxşı tanıyırlar. Azərbaycan türkü olsa da, bütün siyasi məhbuslara o, işgəncə verir. Məni 25 gün tam qaranlıq otaqda saxladılar. Gün üzü görmürdük. Nə zaman səhər, nə vaxt axşam olduğunu bilmirdim. Yemək isə suda bişmiş 4-5 noxud idi. Hazırda ABŞ-da yaşayan Həsən Əsədi var. Onun dırnaqlarını çəkib çox işgəncə verdilər. Hətta özü danışırdı ki, sağ qaldığına inanmayıb, öldüyünü zənn edib.

Bundan əlavə, Qulamhüseyn Rüstəmi adlı dayım var idi. İxtisasca həkim olsa da, milli fəaliyyətinə görə dəfələrlə həbs olunmuşdu. Zindanda ütü ilə kürəyini, ayaqlarını yandırmışdılar. Sonuncu dəfə tutulanda “Evin” zindanına saldılar. Orada işgəncə ilə öldürüldü. Cəsədini bizə vermədilər. Harada, necə dəfn olunduğunu indiyədək bilmirik”.

1969-cu ildə Tehran doğulan, hazırda Danimarkada yaşayan siyasi mühacir Əhməd Qaşqay isə deyib ki, Qarabağ müharibəsi başlayanda Tehranda aksiyalar keçiriblər: “Tələbimiz o idi ki, İran dəhlizi açsın, Qarabağdan köçən qaçqınlar bizə də gələ bilsinlər. İranda 4 milyon əfqan, 1 milyon kürd qaçqın olduğu halda, nə üçün öz qardaşlarımıza qucaq açmayaq? Bu tələblə keçirilən aksiyalara mən də qoşuldum. Sonra 1993-cü ildə Qarabağa döyüşə getdim. Kəlbəcərdə döyüşdüm. 6 aydan sonra İrana qayıdanda həbs olundum. Şiraz və İsfahan zindanlarında 10 ay yatdım. Çox işgəncə gördüm. O qədər döyürdülər ki, tərləyirdim, sonra venama 2 iynə vurub, cərəyan verirdilər. Cərəyandan sonra saçım, qaşım, qollarımdakı tüklər buz bağlayırdı. 16 gün gecə-gündüz yatmağa qoymadılar. Bu işgəncələri özü çəkməyən anlaya bilməz. 16 gün hündürlüyü yarım metr olan yerdə saxladılar. Ancaq oturmaq olardı, qalxanda başım tavana dəyirdi. Tualet də, yemək-içmək də ora idi. Bədənimə heyva yağı sürtüb, üstümə siçovulları buraxırdılar. Bədənimdə siçovulların dişləmədiyi yer qalmırdı. Başqa bir işgəncə isə bu idi ki, gen şalvar geyindirərək şalvarın içinə pişik salıb suya atırdılar. Pişiyə su dəydikcə bədənimi cırmaqlayırdı. Həbs ediləndə 75 kilo idim, 10 ayın içində 42 kiloya düşdü. Ən pisi isə məni həmin vəziyyətdə anama göstərmələri oldu. Bu işgəncələri başqa siyasi fəallara da verirdilər. İnsan özünü bilmir, dəli olduğunu sanır. İşgəncə verənlər elə düşünürlər ki, İslamın əmrini yerinə yetirirlər Çünki onları din adına inandırıblar ki, siyasi məhbuslara nə qədər çox işgəncə versən, behiştə bir o qədər asan gedəcəksən. Məni Tehran zindanına apararkən qaçdım”.

1963-cü il Təbriz doğumlu, hazırda Azərbaycan Respublikasında yaşayan siyasi mühacir A. Təbrizli isə vaxtilə Tehranda “İran-Sovet Cəmiyyəti” fəaliyyət göstərən təşkilatdan Quzey Azərbaycana aid Azərbaycan dilində xeyli kitab alıb: “1981-ci ildə axşam saat 11-də evimə basqın edib, məni tutdular, kitablarım da müsadirə olundu. Onda “Ettelaat” hələ formalaşmamışdı, İnqilab Komitəsi vardı. Məni 2 gecə orada saxlayıb, sonra “Evin” zindanına saldılar. 18 ay həbsdə qaldım. Hər gün məhbusların işgəncə səsini eşidirdik. Kameradakı otaq yoldaşım da azərbaycanlı idi. Ayağının altına o qədər şallaq vurmuşdular ki, əti parçalanıb, sümüyü çıxmışdı. Başqa bir məhbusun isə ayağını güllələmişdilər. Tibbi yardım göstərilmədiyindən ayağı çürümüşdü, çox pis qoxu verirdi. Kamerada onun yarasının qoxusundan durmaq olmurdu. Üç yaxın dostumu güllələdilər. Rejim heç kəsə rəhm etmirdi. Zindanda hamilə qadınlar da vardı. Onları da edam etdilər. Məmurlar hər axşam kameraya gəlib təklif edirdilər ki, kim bu gecə öldürüləcək məhbuslara güllə açmaq istəyir? Bizim kamerada Hüseyn Adəm adlı bir fars məhbus vardı. O, razılaşıb getdi. Qayıdanda gördük ki, qolları dirsəyədək qandır. Dedi ki, 4-5 adamın beyninə və ürəyinə atəş açıb. Sonra da cəsədləri yük maşınına yığmağa kömək edib. Hüseyn Adəmi bu əməlinə görə kamerada daha heç kim danışdırmadı. Cəsədləri aparıb gizlincə dəfn edirdilər, məzarı da olmurdu. Ailəsinə isə bir aydan sonra üstündəki əşyalarını qaytarırdılar. Hər güllənin pulunu öldürdükləri adamın ailəsindən alırdılar. Kommunistləri erməni qəbiristanlığının yanındakı “Lənətabad” deyilən yerdə basdırırdılar”.

ABŞ-da siyasi mühacir həyatı yaşayan S. Süleymaninin sözlərinə görə, onun əmisi oğlu Nasir Derazşəmşir 4 ay əvvəl Muğanda Cəfərabad şəhərində tutulub: “Hazırda “Ettelaat”da saxlanılır. Bakı Dövlət Universitetində magistr təhsili alıb. Azərbaycan mədəniyyəti ilə maraqlanır, bu mövzuda kitablar alıb İrana aparırdı. 4 ayda bir dəfə anasıyla görüşməyə icazə verdilər. Anası 5 dəqiqə oğlunu görə bilib. Nasirin üz-gözü yara içində olub. Anasına deyiblər ki, “oğlun bizə yardım etmir. Ona görə də saxlayıb zindana vermirik”. Əmim oğluna vəkil tutmağa da icazə verilmir”.

1987-ci il Şirvan doğumlu, 2010-cu ildən Türkiyədə yaşayan siyasi mühacir Bəhruz Əlizadə isə orta məktəbdə oxuyandan milli mübarizəyə qoşulub: “Ərdəbildə hər ay Güney Azərbaycan Milli Hərəkatının məqsədi, İrandakı azərbaycanlıların haqları ilə bağlı məlumatlar yazılan 5000 ədəd gecəlik (1-2 səhifəlik bildiriş vərəqələri) çap edib gizlin şəkildə evlərin qapısına atıb qaçırdıq. Sonra gördük ki, insanlar gecəlikləri almağa, oxumağa qorxurlar. Öz hüquqlarını tələb etməyin hər kəsin təbii haqqı olduğunu izah etmək, insanların gecəlikləri qorxmadan qəbul etməsi üçün biz vərəqələri gizlin yox, açıq şəkildə paylamağa qərar verdik. Mən bazara gedib vərəqələri oradakı soydaşlarımıza verirdim. Əlimdə son bir neçə gecəlik qalmışdı ki, məni “Ettelaat”ın məmurları tutdular. Beləcə 2005-ci il martın 15-də 18 yaşımda ilk dəfə həbs olundum. Məni “Ettelaat”ın Ərdəbil şöbəsinə aparıb dedilər: “Hələ uşaqsan, səni aldadıblar. Bunların hamısı Quzey Azərbaycanın işidir. Onlar acından ölürlər. İstəyirlər ki, bizi də İrandan ayırıb öz köklərinə salsınlar” kimi ifadələr işlətməyə başladılar. Mən deyilənlərə inanmadım. Çünki bizə milli fəallar əvvəlcədən danışmışdılar ki, həbs olunsanız, sizə belə sözlər deyəcəklər, inanmayın. Çox sorğu-sualdan, hədə-qorxudan sonra məni buraxdılar. Qorxutduqlarını zənn etdilər, amma mən oradan çıxan kimi milli fəal Abbas Lisaninin dükanına getdim. Yenə də öz fəaliyyətimdə davam etdiyim üçün bir neçə dəfə həbs olundum, 31 ay Ərdəbil zindanında qaldım. Sonuncu dəfə 2008-ci ildə tutuldum. Evdə yatmağa hazırlaşırdım. Gecə saat 23:00-da dostum zəng edib dedi ki, səninlə işim var, Həsənabad körpüsünə gəl görüşək. Ürəyimə damdı ki, nəsə başqa məsələdir. Anama dedim ki, bir saata gəlməsəm, kompyuterimi bacımgilə verərsən. İçərisində dostlarımla bağlı məlumatlar var idi, istəmədim ələ keçsin. Körpüyə yaxınlaşanda gördüm ki, dostum körpünün dəmir məhəccərinə söykənib, tərpənmir. Yaxınlaşanda gördüm ki, əlləri məhəccərə qandallıdır, üz-gözü döyülməkdən qan içindədir, dişləri də tökülüb. Məni görəndə dedi: “Bəhruz, məni bağışla!” Yaxınlaşıb, üzündən öpüb utanmaması üçün dedim: “Canın sağ olsun qardaşım, milli mübarizədə olan işdir”. Məni həbs edib, yenə Ərdəbil zindanına saldılar. İstintaq zamanı əllərimə, ayaqlarıma qandal vurub, sonra da hər iki qandalı üçüncü qandala birləşdirib, kürəyimdə ağır çəkili məmur otururdu. Həbslə yanaşı, məhkəmə mənə 50 şallaq cəzası da vermişdi. Onu da deyim ki, elə milli fəallar var ki, şallaq vuranı və hakimi öz əqidəsinə inandırmaq üçün paltarlarını çıxarıb, çılpaq bədənə şallaq vurdururlar. Beləcə mən İranda tam cəzamı çəkdim. Amma azadlığa çıxandan sonra təqiblər bitmədi. Kim mənimlə yoldaşlıq edirdisə, həbs edib sorğu-suala çəkirdilər. Gördüm daxildə istədiyim kimi mübarizə apara bilməyəcəyəm, 2010-cu ilin noyabrında İrandan qaçdım ki, mücadiləmi daha azad şəkildə xaricdən davam etdirim”.

1970-ci il Ərdəbil doğumlu, hazırda ABŞ-da yaşayan siyasi mühacir T. Bayraqçı isə 3 il, 7 ay, 19 gün “Evin” zindanında qalıb: “Vermədikləri işgəncə qalmadı. 2006-cı ildə “İran” adlı dövlət qəzetində azərbaycanlılar tarakana bənzədilərək təhqir olunmuşdu. Təhqirə etiraz edənlərdən biri də mən oldum. Buna görə həbs edib “Evin” zindanına saldılar. Soruşdurma zamanı tanıdığım milli fəalların adlarını istədilər, türkçülüklə bağlı fəaliyyət göstərməməyimi tələb etdilər. Qəbul etmədim. Bədənimə bir neçə dəfə dağ basdılar, 4 dırnağımı çəkdilər. Cinsi orqanlarımı əzdilər, qulağıma yağ tökdülər. Gördülər danışmıram, dilimi kəsdilər. İndi danışa bilmirəm, fikirlərimi ancaq yazaraq bildirirəm. Həbs olunanda 118 kilo olduğum halda, zindandan çıxanda 64 kilo qaldım. Amma ən çətini, dözülməz olan ruhi işgəncədir. Bu qədər əziyyətə dözüb danışmadım, ağlamadım. Amma qulağım eşidə-eşidə namusuma söyəndə dözə bilmədim, danışmasam da, ağladım”.

هیچ نظری موجود نیست:

ارسال یک نظر